Qeyri-neft sektorumuz o vaxt etibarlı sayılacaq ki... |TƏHLİL

   Qeyri-neft sektorumuz o vaxt etibarlı sayılacaq ki...    |TƏHLİL
  17 İyul 2024    Oxunub:453
Cari ilin birinci rübü ölkə iqtisadiyyatı üçün yaxşı başlamışdı. Bunu rübün yekunları da göstərdi. İlk rüb ərzində həm ÜDM istehsalında müsbət dinamika davam etdi, həm də dövlət büdcəsi artıqlaması ilə icra olundu. İlin birinci rübündə ölkədə 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ÜDM istehsal olundu. Qeyri-neft sektoru 6,7% artaraq 18,7 milyard manat təşkil etdi.
2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon 300 min manat, xərcləri isə 8 milyard 412 milyon 600 min manat təşkil etməklə, 821 milyon 700 min manat profisit əldə edildi. Dövlət Neft Fondundan transfert nəzərə alınmasa büdcə gəlirləri 12,9% çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

Ümumiyyətlə, 2024-cü ilin ilk rübü ərzində dövlət büdcəsi gəlirləri 8 milyard 544 milyon 800 min manat proqnoza qarşı 9 milyard 234 milyon 300 min manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689 milyon 500 min manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədəsə 11,4% və ya 944 milyon 300 min manat çox deməkdir.

Ancaq burada bir nüans var: keçən ilə nisbətən neft-qaz sektorundan fərqli olaraq qeyri-neft-qazdan vergilər xəttilə büdcəyə daha çox vəsait daxil olub. Cari ilin ilk 3 ayı ərzində dövlət büdcəsi gəlirlərində neft-qaz sektoru üzrə vergi orqanlarının xəttilə daxilolmalar 1 milyard 367 milyon 300 min manat təşkil edibsə, keçən il bu rəqəm 2 milyard 284 milyon manat idi. Bu, 42%-dək azalma deməkdir.

Qeyri-neft-qaz sektoruna gəldikdə isə 2024-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinə 2 milyard 914 milyon 400 min manat daxil olub. Keçən ilin eyni aylarında bu rəqəm 2 miylard 615 milyon 500 min manat təşkil edirdi. Bu isə 11,4% çox deməkdir.

Diqqəti yönəltmək istədiyim məqam odur ki, neft-qazdan gəlirlər azalmaqda olduğu halda qeyri-neft-qazdan artır. Bu, müsbət haldır. Mənfi cəhət budur ki, birincinin sürəti ikincidən çoxdur. Yəni, 42%-dək azalma müqabilində 11,4% artım qeyri-mütənasibdir. Bu temp dövlət büdcəsinin icra vəziyyətindəki qənaətbəxş görüntüyə nə vaxtsa xələl gətirə bilər. Bəs nə etməli?!

Birinci rübdəki uğurlu başlanğıcın əsasında keçən ilin yekunları dayanır. Ümumiyyətlə, dövlət büdcəsinə proqnozdan artıq gəlirlərin əldə olunmasında ölkədə iqtisadi artımın, yəni istehsalın artması, iş yerlərinin açılması və məşğulluğun genişlənməsi mühüm rol oynamalıdır. 2019-cu ildən bəri pandemiya ilini (2020-ci il) çıxmaq şərtilə ölkədə hər il iqtisadi artım qeydə alınıb. 2019-da iqtisadiyyat 2,2% artmışdısa, 2020-də 4,3%-lik tənəzzüldən sonra 2021-də 5,6%, 2022-ci ildə 4,6%, ötən il isə 1,1% artıq ÜDM əldə olunub.

Elə buna nəzərən də, İqtisadiyyat naziri Mikayıl Cabbarov demişdi ki, neft-qaz hasilatının proqnoz ediləndən artıq enməsi, həmçinin bu sahəyə dair dünya bazarlarında şərait ÜDM-in nominal səviyyəsinə təsir göstərsə də, son illər ərzində ölkədə qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri artımda dayanıqlığı qoruyub saxlamağa imkan verib.

Qeyri-neft-qaz sektorunun inkişafı üçün həm hüquqi, həm də praktik sahədə hökumət böyük işlər görüb və görür, müvafiq addımlar atır. Təbii ki, bütün bunlar da öz nəticəsini göstərir. Ölkə üzrə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur. Hər rübdə və ildə nə artım baş verirsə, bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olur.

Lakin bu kifayət deyil. Qənaətbəxş vəziyyət o vaxt əldə olunmuş sayılacaq ki, qeyd olunan sektor üzrə ixrac həcmimiz 50%-ə çatacaq. Bunun üçünsə iqtisadiyyatın liberallaşdırılması daha dərin və geniş şəkil almalıdır. İqtisadiyyatda rəqabət imkanları genişləndirilməlidir. Unutmamalıyıq ki, qeyri-neft-qaz sektorunun inkişafı vaxt tələb edən məsələdir.


Pərviz Heydərov

Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti